• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 29.01.2016 13:27

Gəncədə məktəb və bağçalar donuz qripinə görə dezinfeksiya olunur

Ölkə ərazisində "donuz qripi"-nin yayılma riskini önləmək üçün Gəncədə profilaktik işlərə başlanılıb. Bu məqsədlə şəhər Dezinfeksiya İdarəsi tədbirlər həyata keçirir.

"Donuz qripi" xəstəliyi ilə əlaqədar Gəncədə yerləşən məktəb və məktəbəqədər təhsil müəssisələrində əlavə tədbirlər həyata keçirilir. Bunun üçün təhsil ocaqlarının binaları, dəhlizləri, qapı və pəncərələri xüsusi maddələrlə dezinfeksiya edilir. Son 1 həftə ərzində Gəncə şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən şəhərin 35 məktəbində və 20 uşaq bağçasında bu kimi işlər görülüb.

Səlbi Cəfərova -Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: "Bununla yanaşı əhalinin sıx məskunlaşdığı yerlərdə də profilaktika məqsədilə dezinfeksiya işləri aparılır. Ölkəmizdə "donuz qripi" aşkar edilməyib, amma buna baxmayaraq, profilaktika məqsədilə bu işləri görürük. Fəsilə əlaqədar olaraq infeksion xəstəliklər kütləvi şəkildə yayılmayıb. Təsadüf hallarda olur, o da tərəfimizdən tez qarşısı alınır".

Aparılan dezinfeksiya işləri ilə yanaşı, qurumun həkimləri məktəb və bağçalarda virusdan qorunmağın yolları barədə tövsiyələr də verirlər. Hazırda Gəncədə epidemioloji durum sabitdir və bu günədək “donuz qripi” xəstəliyi qeydə alınmayıb.

Xaliq Qurbanlı