• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 28.01.2016 16:57

Gəncədə mənzillərdə dəm qazından zəhərlənmə hallarına qarşı reyd keçirilib

Gəncədə dəm qazından zəhərlənmə hallarının müşahidə edilməsi aidiyyatı qurumları hərəkətə gətirib. Şəhərin 3-cü mikrorayonunda yerləşən çoxmərtəbəli binaların tüstübacaları və nəfəsliklər yoxlanılıb, standartlara cavab verməyən cihazlar istifadədən kənarlaşdırılıb.

Gəncənin kommunal təsərrüfat işçiləri, Regional Qaz İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Bölməsi əməkdaşları ilə birgə şəhərin 3-cü mikrorayonunda yerləşən çoxmərtəbəli binalara baxış keçirib. Tüstü bacaların işlək vəziyyətdə olması, mənzillərdə standartlara uyğun gəlməyən sobaların və su qızdırıcılarının istifadədən kənarlaşdırılması təşkil edilən reydin əsas məqsədi olub.

Birgə komissiya tərəfindən mənzillərdə aşkar edilən 50-dən artıq soba və su qızdırıcısının istismarına qadağa qoyulub. Eləcə də, sakinlərlə təhlükəsizliyin təmin olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar.

Şəhər sakini: “Çox gözəl bir tədbir olub. Gəliblər, baxıblar, qanunsuz olan qaz sobalarını söküblər. Çox gözəl ediblər. Çünki, tindən boğulurduq. Mənim mənzilimə də baxdılar, gördülər hər şey standartlara uyğundur. Belə tədbirlər çox olsun ki, biz də evimizdə rahat yataq”.

Şəhər sakini: “Sağ olsunlar, bu gün gəlib baxdılar, qazımızı, işığımızı yoxladılar. Sağ olsunlar, hər bir cihazı ətraflı yoxlayıb getdilər”.

Yoxlamalar şəhər üzrə müəyyən edilmiş qrafik əsasında davam etdirilir.

Elton Cabbarlı