• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2246
— 28.01.2016 15:43

Ucqar dağ rayonlarında müşahidə olunan qarlı-şaxtalı hava ictimai nəqliyyatın işinə təsirsiz ötüşmür

Qərb bölgəsinin ucqar dağ rayonlarına güclü qarın yağması və yolların buz bağlaması sərnişindaşıyan nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Gəncəndən qərb bölgəsi rayonlarına istiqamətlənən mikroavtobusların sürücüləri sərnişinləri təhlükəsiz və rahat mənzil başına çatdırmağa çalışır.

Yolların buz bağlaması Gəncədən Daşkəsən və Gədəbəyə nəqliyyat vastələrinin gediş-gəlişini çətinləşdirib. Avtovağzaldan hərəkət edən sürücülər qəza baş verməsin deyə, nəqliyyat vasitəsini aşağı sürətlə idarə edir ki, bu da gündəlik qrafik üzrə hərkətin sayının azalmasına səbəb olur. Adi günlərdə hər iki istiqamətə 5-6 reys həyata keçirilirdisə, indi 2-3 mikroavtobus gedir.

Mübariz Həsənov- sürücü: “Daşkəsən rayonuna işləyirəm qardır, buzdur, çətinlikdir. Çoxdan işləyirik, gediş-gəliş bizim üçün çətinlik yaratsa da, ona baxmayaraq sərnişin evinə getməlidir. Çətinlik də olsa aparırıq”.

Qələndər İsgəndərov- sürücü: “Gədəbəyə işləyirik. Havalar pis keçir - qardır, buzdur. Buna baxmayaraq, gedib-gəlirik, camaata xidmət edirik. Təcrübəli sürücüyük, çətinlik də olsa işləyirik. Yollara duz, qum töksələr də, yenə də buzdur”.

Mövcud hava şəraiti sərnişinlərin sayını da azaldıb. Buna rəğmən dağ rayonlarına və əks istiqamətə üz tutanlar mənzil başına rahat çatdıqlarını təsdiqləyirlər.

Sərnişin: “Yollarımız qar yağandan sonra bərk buz oldu. Hələ də qardır, buzdur. Gedib gəlmək üçün çətinlik çəkirik. Amma, indi kömək edirlər - yollara qum, duz tökürlər. Marşrutlar çıxırlar”.

Şərnişin: “Qarlı-boranlıdır. Yaxşı aparırlar, işləyirlər, yaxşı gedirik. Hərəkət etmək sürücülər üçün asandır”.

Daşkəsən və Gədəbəydən başqa, Gəncədən Şəmkir, Tovuz, Ağstafa və Qazaxa hərəkət edən nəqliyyat vasitlərinin gündəlik hərəkət qrafikində heç bir dəyişiklik yoxdur.

Elnur Vahidoğlu