• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 28.01.2016 15:41

Gəncə Dövlət Dram Teatrı bu mövsüm 6 yeni tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 2016-cı ildə teatrsevərlərə 6 yeni tamaşa təqdim etməyi planlaşdırır. Səhnə əsərlərindən 4-ü Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən hazırlanacaq.

Bu mövsüm tamaşaçılara təqdim olunacaq əsərlərdən biri Əli Əmirlinin "20 ildən sonra" pyesi əsasında hazırlanan tamaşadır. Xalq artisti Vaqif Şərifovun quruluş verəcəyi səhnə əsərində hadisələr parlaq rolların ifaçısı olmuş aktyorun ailəsində baş verir.

Teatrın səhnəsində oynanılacaq növbəti tamaşa isə xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında hazırlanan əsər olacaq. Tamaşaya gənc rejissor Elşad Əhmədov quruluş verəcək.

Yaradıcı kolektiv il ərzində bir xarici əsər də təqdim edəcək. Bu il teatrın baş rejissoru İradə Gözəlova rus ədəbiyyatına müraciət edib. O, Çexovun "Nazənin" əsəri üzrində çalışacaq.

Mövsümün sonunda isə teatrsevərlərə yenə də İradə Gözəlovanın təqdimatında şair, yazıçı və dramaturq Hüseyn Cavidin "İblis" dramı əsasında səhnələşdirilən tamaşa təqdim olunacaq.

Gəncə Dövlət Dram Teatrında növbədənkənar səhnələşdirilən digər iki əsər isə Şəfaət Mehtiyevin - "Sabir" və Sahib İbrahimlinin - "Sadığın toyu" tamaşalarıdır. Əsərlərdən birinə İradə Gözəlova, digərinə isə Vaqif Şərifov quruluş verib. Şəfaət Mehtiyevin - "Sabir" əsəri Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunacaq.

Xronometrajı 1 saat 20 dəqiqə - "Sadığın toyu" tamaşasında isə 12 nəfər rol alıb. Hazırda hər iki tamaşanın son məşqləri gedir. Səhnə əsərlərinin fevralın sonuna təhvil verilməsi planlaşdırılır.

Gülnar Fazilqızı