• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2545
— 28.01.2016 15:26

Samuxda və Göygöldə sakinlərin problemləri dinlənilir

Samux və Göygöldə rayon rəhbərliyi ilə sakinlərin səyyar görüşləri davam edir. Samuxda rayon mərkəzində və Sərkar kəndində, Göygöldə isə müxtəlif yaşayış məntəqələrində sakinlərin problemləri dinlənilib.

Samux şəhərində keçirilən görüşdə sakinlər yeni salınan yaşayış massivlərinin qaz və işıqla təchizatının yaxşılaşdırılmasını, eləcə də sözügedən ərazilərdə əlavə subartezian quyularının qazılmasını təklif ediblər. Ətraf küçələrdə gecə işıqlandırılmasına ehtiyac duyulduğu da nəzərə çatdırılıb. Səsləndirilən təklif və müraciətlərin mərhələli şəkildə həll ediləcəyi bildirilib. Yaxın vaxtlarda rayon ərazisində sənaye zonası yaradılacaq, həmçinin 10 minə yaxın əhalinin yaşadığı Samux şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq.

5000-dən çox əhalisi olan Sərkar kəndinin sakinləri ilə görüşdə əsasən suvarmaya olan tələbatın ödənilməsi üçün əlavə subartezian quyusunun qazılması, məktəb binasının, körpələr evi-uşaq bağçasının və kənd xəstəxanasının yenidən qurulması, eləcə də kəndarası yolların təmiri kimi məsələlər qaldırılıb. Kəndin potensial imkanları barədə də danışılıb. Sərkar kəndində bir neçə iri istehsal müəssisəsi, xüsusilə bölgə üçün əhəmiyyət kəsb edən su istehsalı zavodu və quşçuluq fabriki fəaliyyət göstərir. İşsizlik probleminin aradan qaldırılması üçün gələcəkdə yeni emal müəssisələrinin yaradılacağı diqqətə çatdırılıb.

Göygöldə sakinlərlə görüş bu dəfə 20 min nəfər əhalisi olan rayon mərkəzində təşkil olunub. Vətəndaşların müraciətləri əsasən yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə təchziatı, bəzi küçələrə asfalt örtüyünün vurulması, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı olub. Qaldırılan məsələlər həll olunması üçün qeydiyyata alınıb.

Natiq Hüseyn