• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 27.01.2016 18:41

Ölkənin müxtəlif regionlarında yanğınlar baş verib, ölən və xəsarət alanlar var

Mingəçevirdə yaşayış evi yanıb, nəticədə içəridə olan ev sahibinin oğlu yanaraq dünyasını dəyişib. Zaqatalada da yanğın hadisəsi qeydə alınıb. Tərtər və Bakıda isə yaşayış evlərində partlayış baş verib, 1 nəfər ağır yaralanıb.

Mingəçevir şəhərində Cəfərqulu Süleymanova məxsus evdə yanğın baş verib. Ümumi sahəsi 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yararsız hala düşüb. Hadisə zamanı ev sahibinin oğlu, 35 yaşlı İqbal Süleymanov yanaraq dünyasını dəyişib. İqbal epilepsiya xəstəsi olub və hadisə zamanı evdə köməksiz vəziyyətdə qalıb. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur.

Zaqatalada da fərdi yaşayış evi yanıb. Hadisə bu gün saat 12:00 radələrində rayonun Yuxarı Tala kəndində qeydə alınıb. Kənd sakini Zeynalabdin Qardaşova məxsus ümumi sahəsi 234 kv/m olan ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evi anidən alışıb. Evin ikinci mərtəbəsində 36 kv/m-lik otağın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-in Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb, xəsarət alan olmayıb. İlkin ehtimalla səbəb hadisəyə elektrik naqillərində yaranan qısaqapanma olub.

Tərtərdə isə yaşayış evində partlayış baş verib.  Hadisə şəhər sakini Akif Məmmədovun evində qeydə alınıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Evin yanar konstruksiyaları və oradakı əşyalar yararsız hala düşüb. Akif Məmmədov müxtəlif yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır olaraq qiymətləndirir. 

Bakı şəhərindəki yaşayış evində də partlayış baş verib. Hadisə Bakı şəhər sakini Amur Məcidovun Nəsimi rayonu Alı Mustafayev küçəsindəki mənzilində qeydə alınıb. Qaz sızması nəticəsində ani partlayış olub və mənzilin pəncərələrinin şüşələri sınıb, xəsarət alan olmayıb.

Vüsalə Camal