• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 27.01.2016 16:15

Doktorant və dissertantlar imtahan verdilər

Bu gün Gəncə və ətraf bölgələrdən olan doktorant və dissertantlar informatika fənnindən imtahan veriblər. İlk dəfə olaraq online şəkildə həyata keçirilən və səhər saat 10-da başlayan imtahanlar mərhələli şəkildə saat 5-ə kimi davam edib.

İmtahan İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın Gəncə bölməsində yaratdığı Distant Tədris Mərkəzində baş tutub. Mərkəzdə eyni vaxtda 12 nəfərin imtahan verə bilməsi üçün şərait yaradılıb. Mərhələli şəkildə gün ərzində ümumilikdə 64 doktorant və disertant imtahanda iştirak edib. Onlara 50 sual təqdim olunub. İmtahan qaydalarına əsasən 25 suala düzgün cavab verənlər məqbul qiymət almış olurlar.

Yadigar İmamverdiyev - AMEA İnformasiya Texnologiyalar İnstitunun şöbə müdiri: "İmtahanda iştirak edən doktorant və disertantlar öz qiymətlərini, hansı sualı düzgün, hansı sualı isə səhv cavablandırdıqlarını imtahan bitən kimi öyrənə bilirlər. Bunun üçün təsdiq düyməsini basmaq kifayətdir. Deyim ki, sizə onların hazırlığı yaxşıdır. Əksəriyyət məqbul qiymət aldı".

İmtahan prosesini canlı olaraq İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri də izləyiblər. Dərslərdən sonra imtahanların da Gəncədə təşkili burada təhsil alan doktorant və disertantların ürəyincədir.

Kəmalə Əliyeva  -doktorant: "Biz əvvəl Bakıya gedirdik. İndi isə burada bizə bu şərait yaradılıb. Təşəkkür edirik. İmtahan çox şəffaf keçdi".

Qeyd edək ki, Gəncədə Distant Tədris Mərkəzi 2014-cü ildə yaradılıb. Həmin il  mərkəzdən 60-a yaxın doktorant yararlanıb. Onlardan 47-si Bakı şəhərində keçirilən imtahanlarda yüksək nəticə göstərib. 2015-2016-cı tədris ili üzrə informatika fənnindən dərslər ötən il oktyabrın ilk həftəsində başlayıb. Doktorantlar 10-u mühazirə, 2-si praktiki olmaqla ümumilikdə 12 dərs keçiblər.  

Gülnar Fazilqızı