• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 27.01.2016 15:28

Ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən yol qəzaları baş verib

Abşeronda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Hacıqabulda isə aşan mikroavtobusun 10 sərnişini xəsarət alıb. Ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən yol qəzaları bunlarla kifayətlənmir. 

Abreşon rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Nübar qəsəbəsində 110 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölən qadının şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən sürücü isə saxlanılıb. Onun sözlərinə görə, qəzaya yolun qaranlıq olması və piyadanı görməməsi səbəb olub. Avtobus cərimə meydançasına aparılıb.

Bakı-Qazax avtomagistralının 167-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ağdam rayon sakini, 54 yaşlı Yusif Abdullayevin idarə etdiyi “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən aşıb. Nəticədə mikroavtobusdakı 10 nəfər sərnişin xəsarət alıb. Hadisə yerinə 5 təcilli tibbi yardım avtomobili cəlb olunub. Xəsarət alanlara yerində tibbi yardım göstərilib. Mikroavtobusun aşmasına yolun buz bağlamasının səbəb olduğu ehtimal edilir. 

Sumqayıt şəhər sakini Vitali Aslanxanov idarə etdiyi “Lexus” markalı avtomobili yol kənarındakı maneəyə vurub. Nəticədə sürücü və onun 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, Vitali Aslanxanovun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Salyanda Şakir Daşpoladovun idarə etdiyi “QAZ-24”lə İlkin Ağalarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə İlkin Ağalarovun 3 sərnişini yaralanaraq xəstəxanaya yerləşdirilib.

Şirvan şəhərində baş verən qəzada isə sürücü xəsarət alıb. Heydər Əliyev prospektində Şirvan sakini Rəşad Həsənovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Maarif Cəfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan “Opel”in sürücüsü avtomobildə sıxılaraq qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi avadanlıqların köməyi ilə sürücünü avtomobildən çıxarıblar. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göygöldə də iki avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə bu gün saat 13 radələrində qeydə alınıb. “VAZ 2107” markalı iki avtomobildən biri yolun qadağan olunan hissəsində dönmə əməliyyatı edən zaman qəza törədib. Maşındakı sərnişin Sahil Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində “Hyundai” və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. “Mitsubishi”nin sürücüsü 37 yaşlı Asif Məmmədxanov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.  Faktlarla bağlı araşdırmalara başlanılıb.

 

Vüsalə Camal